De Zerbi: “Ansu Fati özünü daha da təkmilləşdirməlidir”

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Barselona”nın futbolçusu Ansu Fatinin “qağayılar”a icarəyə verilməsinin nəticələrindən danışıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Ansu Fati öz yaşında dünyanın ən yaxşı istedadlarından biridir, amma o, səmərəsini artırmalı, fiziki hazırlığını yaxşılaşdırmalı və zehniyyətini təkmilləşdirməlidir. Çünki İngiltərə Premyer Liqasında oynamaq üçün əqli və fiziki cəhətdən daha güclü olmalısan”, deyə De Zerbi vurğulayıb.

Fati “Brayton”da cari mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Daha sonra futbolçunun “Barselona”ya qayıdışı nəzərdə tutulurdu, belə ki, Fati kataloniyalıların ümidverici futbolçularından biri kimi qiymətləndirilirdi. Mütəmadi çoxsaylı zədələrdən sonra idman formasının bərpasında çətinlik çəkən Fatinin “Barselona”nın heyətində güclü rəqabət mənzərəsində “əriməməsi” üçün, Kataloniya klubunun rəhbərliyi onu “Brayton”a icarəyə göndərməyi daha düzgün bilmişdi.

Cari mövsümdə Fati “Brayton”un heyətində 26 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ansu Fati 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı Ansu Fatini 30 milyon avro məbləğində qiymətləndirir.