Deklan Rays “Arsenal”ın çempionluq imkanını qiymətləndirdi

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays komandasının İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizəsini şərh edib.

Arena.az xəbər verir ki, “topçular” bu yarışın 33-cü turunun ev oyununda gözlənilmədən “Aston Villa”ya məğlub olublar – 0:2.

Hazırda “Mançester Siti” 32 oyundan 73 xalla İngiltərə Premyer Liqasına başçılıq edir. “Şəhərlilər” 33-cü turda qələbə qazanmaqla, öz növbəsində şərikli liderlər – “Arsenal” və “Liverpul”un evdə gözlənilməz məğlubiyyətləri nəticəsində liderliyi ələ keçiriblər. İndi “Arsenal” 71 xalla 2-ci, “Liverpul” isə eyni miqdarda xalla 3-cü pillədə qərarlaşıb.

“Bu, son deyil, qarşıda bizi altı oyun gözləyir. Biz əla vəziyyətdəyik, liderdən cəmi iki xal geridəyik. Biz Premyer Liqanı qazanmağa hazırıq və bütün diqqətimizi hədəfimizə yönəltmişik.

Premyer Liqa daha çox gözlənilməzliklər gətirəcək. Siz son turda qeydə alınan nəticələrlə buna əmin ola bilərsiniz. Hər şey ola bilər və biz nikbin olaraq qalacağıq”, deyə Rays vurğulayıb.

Xatırladaq ki, Deklan Rays “Arsenal”a 2023-cü ilin iyulunda “Vest Hem”dən 116,6 milyon avro müqabilində keçib. İngilis “dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində 44 oyuna çıxıb və 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, 25 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsi olsa da, 14 yaşından “Vest Hem”də çıxış edib. Ümumilikdə Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasının qalibi olub.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 50 oyuna çıxıb, 3 qol vurub.

“Transfermarkt” internet-portalı Deklan Raysı 110 milyon avro məbləğində qiymətləndirir.