Deklan Rays: “Bu, karyeramda ilk qırmızı vərəqə idi”

İngiltərənin “Arsenal” klubunun dayaq yarımmüdafiəçisi Deklan Rays karyerası ərzində ilk dəfə qırmızı vərəqə alıb.

Arena.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 3-cü turunda “Brayton”la oyunun (1:1) 49-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub.

Rays buna görə matçdan sonra komanda yoldaşlarından və “topçular”ın azarkeşlərindən üzr istəyib. İngilis futbolçunun bu barədə müraciətini təqdim edirik:

“Bu, karyeramda ilk qırmızı vərəqə idi, amma yenə də komanda yoldaşlarımdan və azarkeşlərimizdən üzr istəmək istəyirəm. Qovulmaq heç vaxt xoş deyil. Öz qarşında günah hissi baş qaldırır. Bu gün bəxtim gətirdi, çünki yoldaşlarım həqiqətən mənə kömək etdilər və komanda oyunda məğlub olmadı. Mən bundan dərs alacağam”, deyə Rays bildirib.

Xatırladaq ki, Deklan Rays “Arsenal”a 2023-cü ilin iyulunda “Vest Hem”dən 116,6 milyon avro müqabilində keçib. İngilis “dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində 3 oyuna çıxıb. Onun “Arsenal” karyerası bütövlükdə 54 oyun, 7 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

25 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsi olsa da, 14 yaşından “Vest Hem”də çıxış edib. Ümumilikdə Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasının qalibi olub.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 58 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı Deklan Raysı 120 milyon avro məbləğində qiymətləndirir.