“Arsenal”ın ingiltərəli dayaq yarımmüdafiəçisi Deklan Rays London Dəb həfətəsi çərçivəsində podiumda ilk dəfə model olaraq debüt edib.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu 2025-ci ilin yaz-yay mövsümü üçün “Labrum” brendinin kolleksiyasını nümayiş etdirib.
Deklan Rays futbola “Çelsi”də qədəm qoyub. Amma hələ yeniyetmə ikən “zadəganlar”ın düşərgəsindən “Vest Hem”ə keçmiş Rays “çəkicdöyənlər”in uğurları üçün çalışıb.
Rays “Arsenal”a 2023-cü ilin iyulunda 116,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən keçib. “Dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rays “Arsenal” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.
Raysın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi 54 oyun, 7 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 60 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. “Üç şir”ə qədər Rays irland köklərinə əsaslanaraq İrlandiya yığması üçün oynayıb, aşağı yaş yığmaları ilə yanaşı, əsas yığmada da 3 oyun keçirib.
Deklan Raysın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var. Həmçinin Rays 2022/2023-cü illər mövsümü üçün “Vest Hem”in ilin oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 25 yaşlı ingiltərəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.