Deklan Rays “Vest Hem”i tərk edir – Klub prezidenti açıqladı

İngiltərənin “Vest Hem” klubunun yarımmüdafiəçisi və kapitanı Deklan Rays bu yay Premyer Liqa təmsilçisini tərk edəcək.

Arena.az “talkSPORT”a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Devid Sallivan məlumat verib:

“Düşünürəm ki, bu, Deklanın klubumuzdakı son oyunu idi. Biz ona gedə biləcəyini söz verdik. O, getməyə qərar verdi. Siz cari mövsümdə komanda üçün çox şey etmiş bir insanın qarşısında dayana bilməzsiniz”.

Daha əvvəl bildirilmişdi ki, “Vest Hem” “Arsenal”ın 105 milyon avroluq təklifini qəbul edib. Ancaq “topçular” bu məbləği 2024-cü ilin yayına qədər ödəməyi xahiş edirlər. “Vest Hem” keçən ilin sentyabr ayında UEFA-nın maliyyə feyr-pleyinə riayət edən klubların siyahısına daxil edilib. “Arsenal”ın təklifi müqabilində transfer məbləğinin müvafiq üsulla hissə-hissə ödənişinə razılaşmaq, “çəkicdöyənlər”ə futbol transferi biznesi qanunlarına rahatca riayət etməyə kömək edərdi.

24 yaşlı Rays artıq geridə qalmış mövsüm ərzində 50 dəfə “Vest Hem”in heyətində meydana çıxıb. O, bu oyunlarda 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. “Vest Hem”lə qazandığı Avropa Liqası isə onun karyerasındakı ilk qənimətidir.