“Barselona”nın idman direktoru Deku İspaniya La Liqasında maliyyə məhdudiyyətləri altında klubun işi ilə bağlı sualı cavablayıb.
Arena.az Dekunun bu barədə cavabını təqdim edir:
“La Liqanın oyunçuların qeydiyyatına qoyduğu məhdudiyyətlərlə necə işləyirik? Onlar bunu təkcə “Barselona” üçün təyin etməyiblər. Bu, hamı üçün tətbiq olunmuş bir qaydadır. Bu, bütün idman direktorları üçün vacib bir məsələdir”.
“Barselona”nın idman direktoru yayda Bilbao “Atletik”inin cinah hücumçusu Niko Uilyamsı niyə transfer etməmələrindən də danışıb:
“İlk olaraq, baş məşqçi dedi ki, keyfiyyətli transferləri təmin edə bilmiriksə, o zaman bizdə olanlarla oynamağa davam etməliyik. Bu sözlər üzərində düşündük və tələsik qərarlar vermədik”, deyə Deku bildirib.
Deku alman mütəxəssis Hans-Diter Flikin “blauqrana”nın baş məşqçisi təyin edilməsinə səbəb olan keyfiyyətləri ilə bağlı sualı da cavablayıb:
“Biz onda başqalarında olmayan nəyi sezdik? Yaxşı məşqçilər hər zaman yaxşıdır. “Barselona”da Xavinin qərarı məlum olanda diqqətimizi “Hansi”yə yönəltdik. O, təcrübəli, sakit insandır. Xasiyyətindən əlavə, idarə etmək bacarığı olan məşqçidir, axı o, çox şey yaşayıb. Uzun illər çalışdırıb. Bu, bizim getmək istədiyimiz yoldur”.
Xatırladaq ki, Hansi Flik cari ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Flik “blauqrana” ilə La Liqada avqust ayında 4 oyun keçirib və hamısında qələbə qazanıb. Flikin “Barslona”sı “Valensiya” (2:1), Bilbao “Atletik”i (2:1), “Rayo Velyekano” (2:1) və “Valyadolid”lə (7:0) oyunlarda 13 qol vurub, cəmi 3 qol buraxıb. “Barselona” 4 turdan sonra 12 xalla La Liqanın yarış cədvəlinin vahid lideridir.