Futbol üzrə Yamayka yığmasının sol cinah vingeri Demaray Qrey İngiltərənin “Everton” klubundan “Əl-İttifaq”a transfer olunub.
Arena.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu onu 9,3 milyon avroya heyətinə qatıb. 27 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
Demaray Qrey “Everton”a 2021-ci ilin yayında “Bayer”dən 2 milyon avro qarşılığında keçmişdi. O, Premyer Liqa təmsilçisində 75 oyuna çıxıb, 12 qol, 6 məhsuldar ötürmə müəllifi olub. Yamaykalı futbolçu karyerası ərzində “Lester Siti”, “Birmingem Siti”, “Bayer”in də formasını geyinib. Vaxtilə İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Demaray bu ildən Yamayka millisinə dəvət alır. O, yığmada 5 oyuna 2 qol da vurub.
“Everton” gənc hücumçusu Tomas Kennonu da “Lester Siti”yə satıb. 20 yaşlı irland futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Premyer Liqa təmsilçisi onun satışından 8,8 milyon avro qazanıb. Gənc forvard “Everton”un əsas komandasında az oyun şansı qazandığı üçün ötən mövsüm “Preston Nort End”də icarədə də olub. İngiltərədə dünyaya göz açmış futbolçu İrlandiyanın U-21 yığmasına dəvət alır.
Fil Dişi Sahili yığmasının da üzvü olan Jan Filipp Qbamen də “Everton”dan ayrılıb. Lakin 27 yaşlı futbolçu azad agent statusu alsa da, hələ özünə yeni iş yeri tapmayıb. Dayaq yarımmüdafiəçisi 2019-cu ildən “Everton”da çıxış edirdi. O, “Lans”, “Maynts”, ÇSKA (Moskva) və “Trabzonspor”da da oynayıb, ölkəsinin yığmasında 16 oyun keçirib.
“Everton”un hücumçusu Nil Mope də “Brentford”a keçib. Premyer Liqa klubu 27 yaşlı futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Mope, ötən ildən “Everton”da forma geyinirdi. O, “Nitsa”, “Sent Etyen”, “Brest”, “Brayton” kimi klubların da şərəfini qoruyub, 2017-2019-cu illər aralığında məhz “Brentford”da forma geyinib.
“Brentford”un müdafiəçisi Mads Sörensen də “Midtyulland”a keçib. 24 yaşlı danimarkalı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Vaxtilə ölkəsində “Horsens”in də şərəfini qorumuş Sörensen “Brentford”da olarkən “Uimbldon”, “Nitsa” və “Qroningen”ə icarəyə də verilib.