Demba Sek və Nadir Zortea “Frozinone”də

İtaliyanın “Frozinone” klubu heyətini 3 yeni futbolçu – Demba Sek, Nadir Zortea və Fares Gedemislə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sağ cinah vingeri olan Fares Gedemis Fransanın “Ruan” klubundan transfer olunub. “Frozinone” bu keçidə görə fransızlara 300 min avro ödəyib. Əslən Əlcəzairdən olan 21 yaşlı fransalı futbolçu ilə müqavilə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. Gedemis daha öncə “Hav”, “Evre” və “Vann” kimi klubların da formasını geyinib.

“Frozinone” Demba Seklə Nadir Zorteanı isə müvafiq olaraq “Torino” və “Atalanta” klublarından icarəyə götürüb. Hər iki futbolçu cari mövsümün sonuna kimi bu klubun formasını geyinəcək.

Nadir Zortea “Atalanta”nın öz yetirməsidir. 24 yaşlı yarımmüdafiəçi bu klubun əsas komandasında 17 oyuna çıxıb, 2 qola imza atıb. İtalyan futbolçu daha öncə “Kremoneze”, “Salernitana” və “Sassuolo”da da icarədə olub.

Demba Sek isə peşəkar karyerasına SPAL-da başlayıb. 22 yaşlı sağ cinah vingeri “Sasso Markoni”də də icarədə olub. O, 2022-ci ilin yanvar ayında 3,6 milyon avro qarşılığında “Torino”ya keçib. Seneqallı futbolçu Turin klubunun heyətində 38 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib. O, Seneqal milli komandasında da 1 oyun keçirib.

“Frozinone”nin Xorvatiyadan olan mərkəz yarımmüdafiçisi Karlo Luliç isə “Bari”yə keçib. 27 yaşlı futbolçu yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi anlaşıb. O, 2021-ci ilin avqustundan formasını geyindiyi “Frozinone”də 49 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Luliç əvvəllər “Slaven Belupo”, “Osiyek”, “Rudeş”, “Vaslan-Beveren”, “Bohemians” və “Sampdoriya” kimi klublarda da forma geyinib.