Denis Marandiç Andorra və Malta ilə oyunlara dəvət aldı

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiç Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

27 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində Andorra və Malta yığmalarına qarşı oynaya bilər. Moldova yığması oktyabrın 10-da Andorranı qəbul edəcək, ayın 13-də isə Maltanın qonağı olacaq. Bu oyunlar üçün Moldova millisinə dəvət almış futbolçunun “Turan Tovuz”a gələn ayın ortalarında qayıtması gözlənilir.

Xatırladaq ki, Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 57 oyuna çıxıb, 2 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.

Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.