“Turan Tovuz”un sol cinah müdafiəçisi Denis Marandiç Moldova milli komandasının heyətinə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, moldovalı futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-ci turu çərçivəsində baş tutan Andorra ilə ev oyununun iştirakçısı olub.
Moldova millisi bu oyunda 2:0 hesablı qələbəyə sevinib. Marandiç qarşılaşmanın 57-ci dəqiqəsində meydana buraxılıb.
27 yaşlı futbolçu oktyabrın 13-da UEFA Millətlər Liqası çərçivəsində Maltaya qarşı səfər oyununda da iştirak edə bilər.
Moldova yığması 2 oyuna topladığı 6 xalla hazırda yer aldığı 2 qrupun vahid lideridir. Denisin komandası ilk oyunda Maltanı da evdə 2:0 hesabıyla üstələmişdi.
Xatırladaq ki, Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 59 oyuna çıxıb, 2 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.
Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 13 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.