Denzel Dumfris “İnter”lə yeni müqaviləyə imza atdı

İtaliyanın “İnter” klubunun və Niderland millisinin yarımmüdafiəçisi Denzel Dumfris Milan təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İtaliya çempionunun rəsmi saytına istinadən xəbər verir.

28 yaşlı futbolçunun “neradzuri” ilə əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda – 2025-ci ilin yayında başa çatacaqdı. Amma İtaliya çempionu yarımmüdafiəçisini heyətində saxlamağa qərar verib. Tərəflər arasındakı yeni müqavilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xatırladaq ki, Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğ müqabilində PSV-dən keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dumfris “İnter”in heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Dumfrisin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi belə təsvir yaradır: 147 oyun, 13 qol, 21 məhsuldar ötürmə.

Dumfris “İnter”lə ötən mövsüm İtaliya çempionu olub. O, Milan təmsilçisi ilə 2 dəfə İtaliya Kubokunu (2021/2022 və 2022/2023 mövsümlərində), 3 dəfə İtaliya Super Kubokunu (2021/2022, 2022/2023 və 2023/2024 mövsümlərində) qazanıb.

Niderlandlı futbolçu “İnter”dən öncə PSV, “Herenven” və “Sparta” (Rotterdam) klublarının da şərəfini qoruyub. O, “Sparta” ilə 2016-cı ildə Niderland İkinci Liqasının qalibi olub.

Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 63 oyuna 9 qol, 18 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermakrt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.