Dermenciyev: “Qarabağ”la oyunlarda strategiyanı dəyişəcəyik”

“Ludoqorets”in baş məşqçisi Georgi Dermenciyev Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Bolqarıstan klubu sabah ÇL-in 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda “Qarabağ”la üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk oyuna saat 20:00-da start veriləcək. Dermenciyev bu gün ilk matç ərəfəsində təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” ən yaxşı komandalardan biridir. Qurban Qurbanov 10 ildən artıqdır ki, bu klubdadır və ən güclü məşqçilərdən biridir. Onlar beynəlxalq arenada öz yerlərini tutublar. Biz də həmçinin, çox böyük təcrübəyə malikik. Çox maraqlı və gözəl matç olacaq.

Bakıda hava şəraitinin isti olmasına baxmayaraq, oyun yaxşı keçəcək. “Ludoqorets”in də böyük təcrübəsi var. Çox güclü komandalardan biriyik.

“Dinamo” (Batumi, Gürcüstan) və “Dinamo” (Minsk, Belarus) ilə qarşılaşmaların ilk matçlarında yaxşı oynayıb, qalib gəlsək də, cavab görüşlərində uduzmuşduq. Bu matçlardakı səhvlərin “Qarabağ”la oyunlarda olmasını istəmirik. Ona görə də strategiyanı bir az dəyişəcəyik”.

Georgi Dermenciyev “Qarabağ” və “Ludoqorets”in öz ölkələrinin nəhəngləri olmasına da münasibət bildirib:

“Bəli. “Qarbaağ” və “Ludoqorets” komandalarının strategiyaları oxşardır. Bolqarıstanda biz, burada “Qarabağ” hegemondur. Məncə, hər iki tərəf bir-birinin güclü tərəflərlərini, güclü oyunçularını yaxşı tanıyır”.

Xatırladaq ki, “Qarabağ”la “Ludoqorets” arasındakı cavab qarşılaşması bir həftə sonra Bolqarıstanda təşkil olunacaq. Avqustun 13-də baş tutacaq oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.