Derrik Kön gəldi, Kazımcan Karataş getdi – “Qalatasaray”da

Almaniyanın “Hannover” klubunun sol cinah müdafiəçisi Derrik Kön bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstanbul klubu əslən Qanadan olan 25 yaşlı almaniyalı futbolçunu 3,35 milyon avro qarşılığında heyətinə qatıb. Almaniya klubunun şərtə bağlı olan 300 min avro əlavə gəlir imkanı da var. Kön özü isə 50 min avro imza pulu alacaq.

Yeni klubu ilə 2025/2026 mövsümünün sonunadək müqavilə bağlamış futbolçunun illik qazancı da açıqlanıb. Müdafiəçi bu mövsümün qalan hissəsi üçün 300 min avro alacaq. 2024/2025 mövsümündə 450 min avro qazanacaq futbolçunun 2025/2026 mövsümündəki gəliri yarım milyon avroya çatdırılacaq. “Qalatasaray”ın Könlə müqavilənin müddətini daha 2 il artırmaq haqqı da var.

Derrik Kön Almaniyanın “Hamburq” klubunun yetirməsidir. O, peşəkar karyerasına başlayana qədər “Bayern”, “Villem” kimi klubların gənclərdən ibarət komandalarında da oynayıb. 2022-ci ildən “Hannover”də çıxış edən müdafiəçi bu komandanın heyətində 56 oyuna çıxıb, 8 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Kön Almaniyanın U-19 yığmasında 1 oyun keçirsə də, sonradan onun xidmətinə ehtiyac duyulmayıb.

Derrik Könün gəlişindən sonra “Qalatasaray” digər sol cinah müdafiəçisi Kazımcan Karataşı da icarəyə verib. 21 yaşlı futbolçu bu mövsümün sonunadək “Ankaragücü” klubunun uğurları üçün çalışacaq.

Kazımcan Karataş “Altay”ın yetirməsidir. O, “Qalatasaray”a 2022-ci ildə 1,14 milyon avro qarşılığında keçib. Gənc müdafiəçi İstanbul nəhənginin heyətində 24 matç keçirsə də, fərqlənə bilməyib. O, Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da oynayıb.