Deşam Kanada yığması ilə oyunda uğursuz nəticəni şərh etdi

Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024 ərəfəsində Kanada yığması ilə yoldaşlıq oyununun (0:0) nəticəsindən danışıb.

Arena.az Fransa Futbol Federasiyasının (FFF) mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz yaxşı və gərgin mübarizə apardıq, birinci hissədə, xüsusən də ilk yarım saatda yaxşı məqamlarımız oldu. Birinci hissənin sonu daha çətin oldu. Bu iki hazırlıq oyunu arasında oyun vaxtının bölüşdürülməsi vacib idi. Avropa çempionatında oynamağa hazırlaşan və çətin yoldaşlıq oyunları keçirən başqa komandalar da var. Bu oyundan Almaniyada bizi gözləyənlərə hazırlaşmaq üçün istifadə edəcəyik”, deyə Deşam tədbirli surətdə bildirib.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyanın 10 şəhərində keçiriləcək. Qitə birinciliyi düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Fransa yığması mötəbər yarışda “D” qrupunda Polşa, Niderland və Avstriya yığmaları mübarizə aparacaq.