Deşam: “Mbappe bir aydan sonra özünü daha yaxşı hiss edəcək”

Fransa yığmasının baş məşqçisi Didye Deşam “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin oyunu haqda mülahizə yürüdüb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Kilian Mbappenin hazırkı səmərəsindən narahat olmalıyıqmı? Xeyr, Kilian özünü yaxşı hiss edir. Görünür, o, demək olar, bütün futbolçular kimi hələ də münasib formasını yüz faizə çatdırmayıb. Onun qolsuz dövrünə gəlincə, o, özünə qarşı çox tələbkardır və mütləq qol vurmağa başlayacaq. Mbappe həddindən artıq diqqət çəkə bilər. Amma müvafiq məqamlar bir anda baş vermir. Bununla belə, təkrar edəcəyəm – Fransa yığması Kilianla hər zaman daha güclüdür. Əminəm ki, cəmi bir aydan sonra o, özünü daha yaxşı hiss edəcək.

Klubunda Mbappe çox yüksək ölçülərə öyrəşib. Yığmada isə meydana çıxmayanda da kapitan rolunu tamamilə öz üzərinə götürür. Kilianla bağlı qətiyyən narahatlığım yoxdur”, deyə Deşam qətiyyətlə vurğulayıb.

Xatırladaq ki, “Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.