Deşam Poqbanın cəzası haqda: “İnana bilmirəm”

Fransa yığmasının baş məşqçisi Didye Deşam “xoruzlar”ın və “Yuventus”un mərkəz yarımmüdafiəçisi Pol Poqba haqda danışıb.

Arena.az bu barədə “Ekip” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Poqba dopinq qəbul etdiyinə görə 4 illik müddətə diskvalifikasiya edilib.

“Mən Poqbanın dopinq istifadə etmək istəyində olmasına bir an belə, inana bilmirəm. Əlbəttə ki, onun millidəki xidmətlərini, şəxsi münasibətlərimizi nəzərə alaraq faciəsinə biganə qala bilmərəm.
Bu vəziyyət məni kədərləndirir. Ümidvaram ki, bu nizamlamaq olar. Mən buna inanmaq istəyirəm.

Dopinqin olması şübhə doğurmur. Fəsad var, Polu isə CAS-da özünü müdafiə etmək və qadağan edilmiş preparatları bilərəkdən qəbul etmədiyinə hakimləri inandırmaq üçün başqa bir döyüş gözləyir”, deyə Deşam ümidlə bildirib.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib.

Poqba geridə qalmış 2022/2023 mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pobqa “Yuventus”da bütövlükdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə müəllifi olub.

Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Poqbanın transfer dəyəri haqda məlumatı artıq təqdim etmir.

Daha əvvəl məlum olmuşdu ki, “Yuventus” Poqbanın rəsmi diskvalifikasiyası halında onunla müqaviləsini birtərəfli qaydada pozacaq.