Fransa yığmasının baş məşqçisi Didye Deşam Antuan Qrizmanın “xoruzlar”ın heyətində çıxışına xitam verməsi qərarını şərh edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Uzun və diqqətlə düşündükdən sonra Antuan özünün beynəlxalq karyerasını bitirmək qərarına gəldi. Bu yaxınlarda onunla bu mövzuda uzun müzakirə aparmışdıq. Onun Fransa yığmasında debüt etdiyi vaxtdan, yəni on il əvvəl aramızda etibarlı və çox səmimi münasibət var.
Fransa yığmasında karyeranızı bitirmək asan qərar deyil. Xüsusilə, bunun yaxşı bir karyera olduğu halda. Buna cəsarət və dürüstlük gərəkdir, Antuan isə öz təhlilində məhz belə idi. Bu, onun qərarıdır.
Klub karyerası hələ bitməsə də, Antuan Fransa futbolunun rəmzi, tarixinin ən böyük oyunçularından biri olub, var və belə də olacaq. Kollektiv ruhu və hücumçular arasında nadir bir altruizmi rəhbər tutan Antuan həmişə futbolu və Fransa yığmasını tərənnüm edirdi. O, həmişə dürüst idi.
Təbii ki, onun beynəlxalq “təqaüdə” girməsini böyük həyəcanla qeyd edirəm. Tez-tez deyirlər ki, Antuan mənim sevimlimdir. Biz, həqiqətən də, toxunulmaz qalacaq çox güclü əlaqələr qurmuşuq. Hər şeyə görə sənə ürəkdən təşəkkür edirəm, “Qrizi”, deyə Deşam duyğusalcasına vurğulayıb.
Xatırladaq ki, bu gün, sentyabrın 30-da Antuan Qrizmanın Fransa yığmasında çıxışına xitam verdiyi haqda məlumat yayılıb. Qrizman bu barədə özünün sosial şəbəkə hesabları üzərindən şəxsən məlumat paylaşıb.
Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.
Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.