Despodov: “Azərbaycanla matç bizim üçün rahat olmayacaq”

Futbol üzrə Bolqarıstan yığmasının kapitanı Kiril Despodov Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, yığmamız “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sabah – martın 25-də Bakıda Bolqarıstan millisi ilə üz-üzə gələcək.

Bolqarların kapitanı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan – Monqolustan matçının bəzi epizodlarına baxdıq. Oyunda güclü olan tərəf Azərbaycan idi. Biz də rəqibimizi analiz etmişik. Oyuna hazırıq”.

Despodov Azərbaycan millisinin asan rəqib olmadığını bildirib: “Azərbaycan millisi ciddi rəqibdir. Paltardəyişmə otağında heç kim Azərbaycanla oyunun bizim üçün rahat olacağını fikirləşmir. Amma ilk növbədə rəqib haqda düşünmürük, öz oyunumuz barədə fikirləşirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, müsbət nəticə qazanmağı planlaşdırırıq”.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan matçına saat 20:00-da start veriləcək.