“Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhem “Mançester Siti”nin bu mövsüm mümkün “trebl”i haqda danışıb.
Arena.az “Manchester Evening News”a istinadən Bekhemin sözlərini diqqətinizə çatdırır:
“Trebl” qazanmaq hər bir komanda üçün xüsusi bir məqamdır. Amma yalnız bir klub birinci ola bilər ki, o klub da – bizik. Əslində, “Siti” qalib gələrsə, bu, onlar üçün heyrətamiz olacaq. Üç kubok qaldıran və tarix yazan oyunçu inanılmaz hisslər keçirir.
Biz hamımız bütün mübarizə yolunda “Yunayted”lə yaşayıb nəfəs alan və sonra ilk “trebl”i qazanan doğma şəhərin oyunçuları idik. “Trebl” qazanan anda başqalarının da bu hissi yaşamasını istəyirsən, buna görə də “Siti” qalib gəlsə, onlar üçün əla olacaq. Amma bunu ilk dəfə edən yalnız bir klub var”.
Xatırladaq ki, “Mançester Yunayted”dən əvvəl “Seltik”, “Ayaks” və PSV bir mövsümdə çempionluq, ölkə kuboku və avrokubok qazanıb. “Qırmızı şeytanlar” Çempionlar Liqasının yaradılmasından sonra “trebl” əldə etmiş ilk komanda olub. İngiltərə komandalarından bu günə kimi heç biri müvafiq uğuru təkrarlaya bilməyib.
Xatırladırıq ki, “Mançester Siti”ni iyun ayının 10-da Çempionlar Liqasının finalında Milan “İnter”i ilə sınaq gözləyir.