“Vest Hem”in baş məşqçisi Devid Moyes Konfrans Liqasının finalındakı qələbədən sonra nümunəvi davranışı ilə diqqət mərkəzinə düşüb.
Arena.az xəbər verir ki, Çexiyanın paytaxtı Praqada baş tutan final matçında onun komandası İtaliya təmsilçisi “Fiorentina”nı 2:1 hesabıyla üstələyərək çempion olub.
Moyes matçdan sonrakı mükafatlandırma mərasimində ona təqdim edilmiş qızıl medalı adaşı olan 87 yaşlı qoca atasına təhvil verib.
Baş məşqçi bu barədə fikirlərini paylaşıb:
“Final fitindən sonra mənə ilk yaxınlaşan o idi, düşündüm ki, medalı onun boynundan asmalıyam. O, bu illər ərzində çox oyunlara baxıb. Ümidvaram ki, o, bundan həzz aldı”.
Maraq üçün bildiririk ki, Devid Moyes “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusondan sonra bu illər ərzində avrokubok qazanmağı bacarmış ilk şotland mütəxəssisdir. Sonuncu dəfə Aleks Ferqyuson 2007/2008 mövsümündə “Mançester Yunayted”lə Çempionlar Liqasını qazanmışdı. O dövrdən bəri heç bir şotland məşqçi belə uğura imza ata bilmirdi. Moyes isə ötən gecə bu uğursuz gedişata son qoyub.
Avropa Konfrans Liqasındakı qələbə Moyesin karyerasında üçüncü qənimətidir. Buna qədər şotland mütəxəssis 1999/2000 mövsümündə “Preston Nort End”lə İngiltərə İkinci divizionunu, 2013-cü ildə “Mançester Yunayted”lə İngiltərə Super Kubokunu qazanıb.
Xatırladaq ki, Moyesin rəhbərlik etdiyi “Vest Hem” tarixində ilk dəfə Avropa Konfrans Liqasını qazanıb. Oyunda həlledici qolu 90-cı dəqiqədə “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketanın zərgər dəqiqliyi ilə verdiyi ötürmədən sonra qapıçı ilə təkbətək çıxan vinger Carrod Bouen vurub.
Nəticədə “Vest Hem” 58 ildən sonra ilk dəfə avrokubokların qalibi olub. Bu komanda 1965-ci ildə Kuboklar Kubokunu qazanmışdı.