Devid Moyes “Vest Hem” rəhbərliyində işləmək istəyir

“Vest Hem”in baş məşqçisi Devid Moyes bu yay komandadan ayrıldıqdan sonra “çəkicdöyənlərin” strukturunda mümkün iş barədə danışıb.

Arena.az şotland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, bu, mənim və klub üçün qarşılıqlı olaraq düzgün qərardır. Yaxşı keçmiş dörd il yarımdan sonra ayrılırıq. Klub rəhbərliyinə qoşulmaq istəyirəmmi? Mən bu suala “bəli” cavabını vermək istərdim”, deyə Moyes vurğulayıb.

Xatırladaq ki, Devid Moyes 2017-ci ildən bu komandaya rəhbərlik edir. 2018-ci ildə “Vest Hem”dən ayrılan məşqçi, 2019-cu ilin dekabrında yenidən bu kluba qayıdıb. Moyes ilk dönəmdə İngiltərə klubunun sükanı arxasında 31 matç (9 qələbə, 10 heç-heçə, 12 məğlubiyyət) keçirib. Sonrakı dövrdə isə o, bu komandanı 229 oyuna çıxarıb. Bu görüşlərdə 103 qələbə, 43 heç-heçə, 83 məğlubiyyət qeydə alınıb.

“Vest Hem” Devid Moyesin rəhbərliyi altında bu mövsüm İngiltərə Premyer Liqasında 37 oyun keçirib. Komanda bu oyunlarda 14 qələbə qazanıb, 13 məğlubiyyətə üzülüb, 10 görüşdə isə heç-heçə qeydə alınıb. Rəqib qapılarından 59 top keçirmiş “Vest Hem” özü 71 qola üzülüb. 52 xala malik komanda mövsümün sonuna 1 tur qalmış 9-cu pillədə qərarlaşıb.

Moyes məşqçilik karyerası ərzində “Sanderlend, “Real Sosyedad”, “Mançester Yunayted”, “Everton” və “Preston” kimi komandalarda da baş məşqçi olub.