İsveç milli komandasının və İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Deyan Kuluşevski “Tottenhem”də qalmağa qərar verib.
Arena.az xəbər verir ki, İngiltərə klubu onu 2022-ci ilin yanvarında satınalma şərti ilə icarəyə götürmüşdü.
London klubu uğurlu çıxışı ilə seçilən 23 yaşlı vingerin transfer hüquqlarını da alıb. Premyer Liqa təmsilçisi bunun üçün “Yuventus”a 30 milyon avro ödəyəcək. İngiltərə təmsilçisi ilyarımlıq icarə üçün də 10 milyon avro ödəmişdi.
İsveç millisinin üzvü “Tottenhem”lə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.

Xatırladaq ki, Deyan Kuluşevski “Yuventus”a 2020-ci ilin yanvarında “Atalanta”dan 35 milyon avro qarşılığında keçmişdi. O, Turin təmsilçisində 74 oyuna 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. “Tottenhem”dəki ilyarımlıq müddətdə isə 57 matç keçirmiş yarımmüdafiəçi, 7 qol vurub, 16 assistə imza atıb. İsveçli futbolçu daha öncə “Atalanta” və “Parma” da çıxış edib. O, İsveç milli komandasında 29 matça çıxıb, 2 qola imza atıb.
“Tottenhem” öz yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi Maks Robsonla da yeni müqavilə imzalandığını da açıqlayıb. Tərəflər arasındakı yeni sözləşmə 2025-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.

Bu ilin yanvarında “Vilyarreal”dan icarəyə götürülmüş hücumçu Arno Danjuma, eləcə də ötən yay “Barselona”dan icarəyə götürülmüş Kleman Lanqle icarə müddətləri bitdiyi üçün “Tottenhem”dən ayrılıblar. Onların hər ikisi müqavilə ilə məxsus olduqları klublara qayıdıblar. Lanqle bu komandada 35 oyuna çıxıb, 1 qol vurub. Danjuma isə cəmi 12 oyuna çıxıb, 2 qola imza atıb.

Lukas Moura da əvvəlcədən xəbər verildiyi kimi, müqaviləsinin müddəti bitdiyi üçün komandadan ayrılıb. Klub onunla yeni sözləşmə imzalanmayacağını hələ bir neçə həftə öncə açıqlamışdı.
Moura 2018-ci ilin yanvar ayında Fransanın PSJ klubundan 28.40 milyon avro qarşılığında “Tottenhem”ə keçmişdi. Sağ cinah vingeri London klubunun heyətində meydana çıxdığı 221 oyunda 39 qol vurub, 27 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı yarımmüdafiəçi PSJ və “San Paulo”da da forma geyinib. O, Braziliya millisində də 35 oyuna 4 qol vurub.
