Lion “Olimpik”inin xorvat mərkəz müdafiəçisi Deyan Lovren bundan sonra Yunanıstanın PAOK klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə PAOK-un rəsmi saytına istinadən məlumat verir.
35 yaşlı futbolçu Yunanıstan klubuna azad agent kimi keçib. Tərəflər 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Xatırladaq ki, Deyan Lovren Lion “Olimpik”inə 2023-cü ilin yanvar ayında 2 milyon avro qarşılığında Sankt-Peterburq “Zenit”indən keçmişdi. Xorvat müdafiəçinin Fransa klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Cari mövsümdə Lovren lionluların heyətində rəsmi oyun keçirməyib. O, 2010-2013-cü illər aralığında da “Olimpik”in uğurları üçün çalışıb. Xorvat müdafiəçi bu komandanın heyətində bütövlükdə 134 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.
Lovren karyerası ərzində “Liverpul”, “Zenit”, “Dinamo” (Zaqreb), “Sauthempton”, “İnter” (Zapreşiç) kimi klubların da şərəfini qoruyub.
Deyan Lovren 2009-cu ilin oktyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 78 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran Deyan Lovreni 1,2 milyon avro məbləğində qiymətləndirir.