Deyan Stankoviç Moskva “Spartak”ında – Rəsmi

Serbiya millisinin sabiq futbolçusu Deyan Stankoviç Rusiyanın “Spartak” (Moskva) komandasının baş məşqçisi təyin olunub.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

45 yaşlı mütəxəssis 2024/2025 mövsümündən etibarən “ağ-qırmızılar”ı çalışdıracaq. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.

Xatırladaq ki, Deyan Stankoviç hazırda Macarıstanın “Ferentsvaroş” komandasına rəhbərlik edir. Onun bu klubla müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədərdir. “Ferentsvaroş” 2023-cü ilin sentyabrında baş məşqçi təyin etdiyi Stankoviçin rəhbərliyi altında 42 oyun keçirib. Macarıstan nəhəngi bu oyunlarda 26 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Stankoviç daa öncə İtaliyada “Sampdoriya”nın, Serbiyada “Srvena Zvezda”nın da baş məşqçisi olub.

Xatırladaq ki, Moskva “Spartak”ına son olaraq Gilyermo Abaskal rəhbərlik edib. 2022-ci ilin iyun ayında Rusiya nəhənginə baş məşqçi təyin edilmiş ispan mütəxəssis bu ilin aprelində postundan uzaqlaşdırılıb. Moskva təmsilçisi onun rəhbərliyi altında 74 oyun keçirib, 36 qələbə, 15 heç-heçə, 23 məğlubiyyət görüb.