Dezire Due Azərbaycan millisi ilə oyunu buraxacaq

Fransa millisinin futbolçusu Dezire Due DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib.

Arena.az xəbər verir ki, PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in 10-cu turunda “Loryan”la matçda (1:1) xəsarət alıb və meydanı xərəkdə tərk edib.

Onun sağalması üçün bir neçə həftə lazım olacaq. Bu səbəbdən onun Azərbaycan millisi ilə Bakıda baş tutacaq görüşdə iştirakı gözlənilmir.

Xatırladaq ki, Due oktyabrda Azərbaycan millisinə qalib gəldikləri (3:0) qarşılaşmada da zədə səbəbindən iştirak edə bilməyib.

Azərbaycan – Fransa oyunu noyabrın 16-da keçiriləcək.

Dezire Due “Renn”in yetirməsidir. PSJ onu 2024-cü ilin avqust ayında “Renn”dən tamhüquqlu əsasda öz heyətinə qatıb. Fransa nəhəngi müvafiq keçid üçün 50 milyon avro məbləğində xərc çəkib. Duenin PSJ ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Fransalı futbolçu cari mövsümdə meydana çıxdığı 8 oyunda 3 qol və 3 assistlə yadda qalıb. Due PSJ-nin heyətində bütövlükdə 69 oyuna çıxıb, 19 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Due daha öncə Fransanın U-17, U-18, U-19, U-21, U-23 və Olimpiya yığmalarına cəlb edilib. 2025-ci ilin mart ayında isə Dezire “xoruzlar”ın əsas yığmasında debüt edib. O, indiyə qədər meydana çıxdığı 5 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Due Fransanın U-17 yığması ilə Avropa çempionatının (AÇ-2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı fransalı hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın