Azərbaycan təmsilçisi Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən avarçəkmə üzrə dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, o, sahil avarçəkməsi üzrə yarışda yalnız irlandiyalı Monika Dukarskadan geri qalaraq, ikinci yeri tutub.
Dımçenko təsnifat mərhələsində finişə birinci çatıb. İdmançımız 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib. Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. O, fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq, dünya çempionatını ikinci pillədə tamamlayıb. Çempion Monika Dukarska isə 32:09.17 nəticə göstərib.
Xatırladaq ki, Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunmuş sahil avarçəkməsi üzrə dünya çempionatında da ikinci yeri tutmuşdu.