Diana Dımçenko Paris-2024-də 17-ci oldu

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransada keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Arena.az xəbər verir ki, təsəlliverici C finalında mübarizə aparan idmançımız fərdi yarışda qüvvəsini sınayıb.

2000 m məsafəyə fərdi avarçəkmədə çıxış edən idmançımız C finalında yarışıb. 1-ci zolaqda çıxış edən təmsilçimiz finişə 5-ci çatıb. O, yekunda 17-ci yeri tutub. Diana məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edib.

Qeyd edək ki, Diana Dımçenko Paris-2024-ə bu növdə qatılan yeganə təmsilçimiz idi.

İdmançımız Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışıb:

“Olimpiadada iştirak etməyim yaxşı hadisədir. Bununla belə, qazandığım nəticə məni razı sala bilməz. Qarşıma qoyduğum məqsədə çata bilmədim. Fiziki hazırlığım qaydasındadır. Sadəcə psixoloji cəhətdən yarışa tam hazır deyildim. Ümumiyyətlə bu mövsüm mənim üçün çox da uğurlu keçmir. Bəzi rəqiblərim məni sözün yaxşı mənasında təəccübləndirdi”.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan Olimpiadada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Onlardan yalnız ikisi – cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) medal qazanıblar. Hər iki idmançımız bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes də özü üçün ən azı bürünc medalı təmin edib. Amma onun medalının əyarı növbəti görüşlərindən asılı olacaq.