Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Avstriya yığması ilə oyunu (1:0) şərh edib.
Arena.az TF1 televiziya kanalının efirinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Oyunçularımın fəaliyyətindən razıyam. Hər şeyi daha əvvəl bitirmək imkanlarımız vardı, amma asan oyunlar olmur. Hücumda əla oyunçularımız olsa da, hər şeyin öhdəsindən yaxşı gələ bilmədik: öndə eyni zamanda həm soyuqqanlıyıq, həm də səxavətliyik. Hücumda daha dəqiq olmalı idik, amma əlbəttə, əsas odur ki, yarışa qələbə ilə başladıq. Bu, yaxşı vərdişdir ki, biz onu saxlamalıyıq”, deyə Deşam vurğulayıb.
Xatırladaq ki, Fransa yığması, Avstiya yığmasının və “Lids”in Mönhenqladbax “Borussiya”sında icarə əsasında çıxış edən mərkəz müdafiəçisi Maksimilian Vöberin 38-ci dəqiqədə öz qapısına vurduğu qol sayəsində qələbə qazanıb.
Vurğulayaq ki, Didye Deşam bu oyunda “xoruzlar”ın sükanı arxasında 100-cü qələbəsini qazanıb.
1-ci turdan sonra Niderland və Fransa yığmaları “D” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Polşa və Avstriya yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.