Didye Deşam Fransa yığmasının AÇ-nin favoriti olduğunu gizlətmir

Fransa yığmasının baş məşqçisi Didye Deşam bu yay keçiriləcək Avropa çempionatı öncəsi komandasının gücünü dəyərləndirib.

Arena.az bu barədə “Telefoot” dərgisinə istinadən məlumat verir:

“Biz bu Avropa çempionatında favoritlərdən biriyik və bunu gizlətmək niyyətində deyilik. Biz Avropa çempionatına ən böyük iddialarla, eyni zamanda gərəkli təvazökarlıqla getmək niyyətindəyik”, deyə Deşam Fransa yığmasının iddiasını ortaya qoyub.

Fransız mütəxəssis həmçinin “xoruzlar”ın lideri, ulduz hücumçu Kilian Mbappedən danışaraq, futbolçunun həm Avropa çempionarında və həm də 2024-cü il Paris Yay Olimpiya Oyunlarında iştirak imkanlarına toxunub:

“Bu barədə oyunçulardan soruşa bilərsiniz və onlar sizə həm Avropa çempionatında oynamaq, həm də Olimpiya Oyunlarında iştirak etmək istədiklərini söyləyəcəklər. Amma yəqin ki, bəziləri üçün bu, mümkünsüz olacaq”, deyə Deşam Mbappeyə nəzərən bildirib.

Xatırladaq ki, 2024-cü il futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Yarışın qrup mərhələsində Fransa yığması Avstriya, Niderland yığmaları və ələmə mərhələsi ilə turnirə vəsiqə qazanacaq digər komanda ilə qarşılaşacaq.

Didye Deşam Fransa yığmasını 2012-ci ilin yayından çalışdırır. Fransız mütəxəssisin rəhbərliyi altında “xoruzlar” 2018-ci il FIFA Dünya Kubokunun qalibi olublar.