Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Selta” klubu braziliyalı qapıçısı Dieqo Alves ilə yollarını ayırmağa qərar verib. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
37 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna təcrübəli futbolçunun xroniki zədədən əziyyət çəkməsi səbəb olub.
Maraqlıdır ki, Dieqo Alves “Selta”ya bu ilin fevralında azad agent kimi transfer edilmişdi. Lakin o, məhz zədə səbəbindən bu komandanın heyətində bir oyuna belə çıxmayıb. Bu üzdən də klub rəhbərliyi mövsümün sonuna gözləmədən onunla müqaviləyə xitam vermək qərarına gəlib.
Təcrübəli qolkiper daha öncə “Atletiko Mineyro”, “Almeriya”, “Valensiya” və “Flamenqo” kimi komandaların uğurları üçün çalışıb. Alves Braziliya milli komandasında da 10 oyun keçirib.


