Dieqo Kosta Braziliyada özünə yeni klub tapdı

Vaxtilə həm Braziliya, həm də İspaniya yığmalarında oynamış təcrübəli hücumçu Dieqo Kosta özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 35 yaşlı hücumçu Braziliya klubu “Qremio”ya keçib.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Xəbərdə bildirilir ki, təcrübəli forvard müayinə və müqavilə üçün artıq şəhərə gəlib. Onunla müqavilə 2024-cü ilin 31 dekabrına qədər nəzərdə tutulub.

Kosta yeni klubuna azad agent kimi qoşulub. Onun sonuncu komandası olan “Botafoqo” ilə müqaviləsinin müddəti yanvarın 1-də başa çatmışdı.

Xatırladaq, Kosta 2023-cü ilin avqust ayında İngiltərənin “Vulverhempton” klubundan ayrılaraq “Botafoqo”ya üz tutmuşdu. Təcrübəli forvard bu komandanın heyətində 13 oyun keçirib və 3 qola imza atıb.

Özünün sərt oyunu, kobud davranışı ilə səciyyəvi olan braziliyaəsilli ispaniyalı mərkəz hücumçusunun futbolçu karyerasının ən məhsuldar dövrü Madrid “Atletiko”su və “Çelsi”nin adı ilə bağlıdır.
Braziliya yığmasının heyətində iki yoldaşlıq oyununda iştirak etmiş Dieqo Kosta sonradan İspaniya vətəndaşlığı alaraq, bu ölkənin milli komandasının heyətində çıxış etməyə başlayıb. Hücumçunun bu addımı o zaman Braziliya futbol ictimaiyyəti tərəfindən heç də xoş qarşılanmamışdı.

Dieqo Kosta “Çelsi” və “Atletiko”dan başqa “Braqa”, “Penafiel”, “Selta”, “Albasete”, “Valyadolid”, “Rayo Valyekano” və “Vulverhempton”da da oynayıb. O, İspaniya milli komandasında 24 oyun keçirib, 10 qola imza atıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçu Dieqo Kostanı 1,6 milyon avro məbləğində qiymətləndirir.