Dieqo Qodin “Kalyari”ni Braziliya klubuna dəyişdi

Uruqvaylı müdafiəçi Dieqo Qodin İtaliyanın “Kalyari” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. O, 2020-ci ilin sentyabrında transfer olunduğu İtaliya klubu ilə 3 illik müqavilə imzalamışdı. Uruqvay yığmasının sabiq üzvü “Kalyari”də iki mövsüm ərzində 34 oyuna çıxıb və 1 qol vurub.

Dieqo Qodin “Kalyari”dən ayrılan kimi Braziliyanın “Atletiko Mineyro” klubuna keçib. Azad agent statusuna malik futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb. O, 2022-ci ilin sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.

Uruqvaylı müdafiəçi “Kalyari”dən əvvəl İtaliyada “İnter”, İspaniyada “Vilyarreal”, “Atletiko”da çıxış edib. O, Avropaya gələnə qədər “Serro” və “Nasional”ın da formasını geyinib. Ölkəsinin yığmasında 153 matça çıxan müdafiəçi, 8 qol da vurub.

Yeri gəlmişkən, “Kalyari” Qodinin gedişindən sonra heyətinə yeni müdafiəçi cəlb edib. A Seriyası təmsilçisi “Sassuolo”dan Edoardo Qoldaniqanı transfer edib. Bu keçidə görə qarşı tərəfə 400 min avro ödənilib. 28 yaşlı italiyalı futbolçu bu mövsüm “Sassuolo”da cəmi 1 matça çıxıb. O, əvvəllər “Cenoa”, “Frozinone”, “Palermo”, “Peruca”, “Piza” və “Pitsiyettone”də də oynayıb.