Dieqo Simeone “Alaves”ə gözlənilməz məğlubiyyəti şərh etdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone La Liqanın 32-ci turunda “döşəkçilər”in “Alaves”ə səfər məğlubiyyətini (0:2) şərh edib.

Arena.az AS dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, bizim üçün tənqid ediləcəyimizi bilə-bilə sakit qalmalı və işləməli olduğumuz məqamdır. Qarşıda bizi çətin həftə gözləyir, amma bu, futboldur və biz bunun üçün yaşayırıq.

Aydındır ki, səfər oyunlarında başımıza gələnlərin səbəblərini bilirik, amma açıq-aydın bunu həll edə bilmirik. Bu mövsümə qədər edə bilmədiyimiz bu cəhəti təkmilləşdirmək məşqçilər qərargahı olaraq bizdən asılıdır”, deyə Dieqo Simeone məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb.

32 turdan sonra Madrid “Atletiko”su 61 xalla yarış cədvəlinin 4-cü, “Alaves” isə 35 xalla 13-cü pilləsində qərarlaşıb. La Liqaya 81 xalla “Real” başçılıq edir.