Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının “Barselona” ilə 18-ci tur səfər oyununu (2:1) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən məmnunam, bunu gizlədə bilmirəm. Komandam əziyyət çəkdi. “Barselona” çox yaxşı oynayır, davamlı hücumlar edir. Bu gün müdafiədə əla axşam keçirdik, xüsusən də Yan Oblakın (“Atletiko”nun qapıçısı – redaktorun qeydi) sayəsində. Bu, bizə, işimizin öhdəsindən gəlməyə imkan verdi.
İkinci hissədə oyun daha açıq keçdi. Hesab 1:1 ikən Barriosun simasında fürsətimiz yarandı. Onların da fürsətləti çox idi. Çox hücum etdikdə isə nizamı itirmək olar. Komandam səbr nümayiş etdirdi və əks-hücumdan yararlanaraq inanılmaz qol vurdu. Sörlotun qolu şah əsərdir. Oyunçularım yarışlara hazırdırlar. Ən güclü tərəfimiz – komandamızdır. Biz bunu təcrübədə sübut edirik. Əvəzedicilər meydana çıxdıqca, həqiqətən bir fərq yaradırlar. Məşqçilərin də istəyi budur”, deyə Dieqo Simeone vurğulayıb.
Qələbə sayəsəində “Atletiko” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsindəki mövqeyini möhkəmləndirib. “Döşəkçilər” 18 oyundan 41 xal toplayıblar. “Barselona” isə 19 oyundan 38 xalla 2-ci pillədə qərarlaşıb.
Əlavə edək ki, cari mövsümdə “Atletiko” bütün yarışlarda ardıcıl 12-ci qələbəsini qazanıb.