Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone ÇL-in 1/8 finalının cavab oyununda “İnter” üzərində qələbəsini şərh edib.
Arena.az xatırladır ki, “Atletiko” ilk oyunda 0:1 hesablı səfər məğlubiyyətini evdə 2:1 hesablı qələbə ilə tarazlayıb və “neradzurri”ni penaltilər silsiləsində (3:2) yarışdan kənarlaşdırıb.
“Azarkeşlərimizə çox heyranam. Bu gün stadiona gələndə və oyunun əvvəlində onların bizi qarşılaması çox duyğusal idi. Biz bu oyuna “Kadis”lə pis oyundan sonra gəldik. Düzünü desəm, futbolçularıma çatdırmağa çalışdım ki, indi azarkeşlərdən dəstək istəməyin yox, dəstək verməyin zamanıdır.
Azarkeşlərimiz stadionumuzda həlledici rol oynayırlar. Bütün dünya bunu gördü. Bu, oyunçularımızın bu gün inanılmaz bir rəqibə qarşı tərəqqisinə kömək etdi”, – Dieqo Simeone matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.