Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in portuqal vingeri Joao Felikslə bağlı vəziyyətdən danışıb.
Arena.az argentinalı mütəxəssisin bu barədə məlumatını təqdim edir:
“Joao Feliks “Atletiko”nun oyunçusudur. O, “Atletiko”da olduğu müddətdə biz onu komandadakı bütün oyunçular kimi, necə işlədiyinə görə qiymətləndirəcəyik. “Xetafe”yə qarşı oyunda meydanda olduğu 45 dəqiqədə yaxşı oyun göstərdi”, deyə Dieqo Simeone vurğulayıb.
Xatırladaq ki, daha əvvəl, portuqal futbolçunun klubdan ayrılmaq istədiyi bildirilirdi. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.
Joao Feliks “Portu”nun yetirməsidir. Futbolçu 2015-ci ildə “Benfika”ya üz tutub. Feliks peşəkar karyerasına da məhz “əjdahalar”la başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro məbləğ ödəməklə Feliksi öz heyətinə qatıb.
Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Feliks icarədə olduğu “Barselona”nın heyətində uğurla çıxış edib. Portuqal futbolçu “blauqrana”nın heyətində bütün yarışlarda 44 oyun keçirib, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Feliks 2022/2023 mövsümündə də “Çelsi”də icarədə oynayıb, 20 oyuna 4 qol vurub.
Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 41 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.
“Transfermarkt” internet-portalı Joao Feliksin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.