Dieqo Simeone La Liqada daha bir ilki gerçəkləşdirdi

“Atletiko” (Madrid) komandasının baş məşqçisi Dieqo Simeone futbol üzrə İspaniya La Liqasında ilki gerçəkləşdirib.

Arena.az xəbər verir ki, 54 yaşlı mütəxəssis ölkə çempionatları tarixində 1000 xal toplayan yeganə baş məşqçi kimi tarixə düşüb.

O, bu uğura La Liqanın 2024/2025-ci illər mövsümünün 10-cu turunda “Leqanes”lə keçirilən matçda komandasının 3:1 hesablı qələbəsi sayəsində nail olub. Argentinalı mütəxəssisin aktivində hazırda 1002 xal var.

Xatırladaq ki, İspaniyada qələbə müqabilində 3 xalın verilməsi qaydası 1995-ci ildən tətbiq edilir.

Dieqo Simeone “Atletiko”nu 2011-ci ilin dekabr ayından çalışdırır. Argentinalı mütəxəssisin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dieqo Simeone “Atletiko”nnu sükanı arxasında 694 oyun keçirib, 409 qələbə, 153 heç-heçə, 132 məğlubiyyət yaşaşıb. Bu oyunlarda “döşəkçilər”in top fərqi 1177:594 nisbətindədir.

Argentinalı mütəxəssis Madrid klubuna 8 qənimət qazandırıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2012/2013, 2018/2019). Həmçinin Dieqo Simeone 2015/2016-cı illər mövsümündə dünyanın ən yaxşı məşqçisi seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: