Dieqo Simeone Moratanı yüksək səviyyədə görməyə ümid edir

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqada 6 oyundur qol vura bilməyən hücumçu Alvaro Moratanın hazırkı durumundan danışıb.

Arena.az argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hazırkı mərhələnin onun üçün ən yaxşı olub-olmamasından asılı olmayaraq, Moratanın həvəs və istəyini görürəm. Bizə Moratanın daha yaxşı vəziyyəti gərəkdir. Ümidvaram ki, bunu daha çox görəcəyik”, deyə Dieqo Simeone vurğulayıb.

Xatırladaq ki, Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib. Moratanın “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 20 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun “Atletiko”dakı ümumi göstəriciləri isə belədir: 152 oyun, 57 qol, 13 assist.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 71 oyuna 34 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.