Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kubokunun ilk yarımfinal oyununda “Atletik”ə məğlubiyyətindən danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin 0:1 hesablı məğlubiyyətdən sonrakı fikirlərini diqqətinizə çatdırır:
“Ümumilikdə yaxşı oyun oynadıq, amma kubok oyunlarında xətalar baha başa gəlir. Birinci hissəni çox yaxşı işlədik, ikinci hissədə isə daha yaxşı, meydanın rəqibə aid yarısında çox vaxt keçirdik. Qol imkanlarımızı gerçəkləşdirə bilmədik, amma narahatlığa dəyməz, belə olur.
Rəqibin üstünlüyü var, indi evdə, öz azarkeşləri önündə oynayacaqlar, amma qələbə üçün əlimizdən gələni edəcəyik. Bu, futboldur, hər şey ola bilər”, deyə Dieqo Simeone bildirib.
Komandalar arasında cavab oyunu fevralın 29-da Bilbaoda keçiriləcək.
Daha bir əlamətdar məqam “Atletik”in bu qələbə sayəsində “Atletiko”nun evdə 28 oyunluq məğlubiyyətsizlik silsiləsinə son verməsidir.
Xatırladaq ki, “Atletiko” ötən ilin yanvar ayında İspaniya La Liqasında “Barselona”ya 0:1 hesablı məğlubiyyətindən bəri “Metropolitano”da məğlub olmurdu. O vaxtdan bəri Dieqo Simeonenin yetirmələri doğma meydanda 2 heçə-heçə etmiş (hər ikisi La Liqada “Xetafe” ilə oyunda) və 26 oyunda qalib gəlmişdilər. Göründüyü kimi, bu silsilə artıq bitdi.


