Dieqo Simeone “Selta” ilə oyunda xal itkisinə aydınlıq gətirdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 24-cü turunda “Selta”ya qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, oyunun 7-ci dəqiqəsindən etibarən azlıqda qalmış “döşəkçilər” 1:1 hesablı heç-heçəni rəqibdən qopara biliblər.

Dieqo Simeone matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mən komandamı 10 mümkün baldan 10 balla qiymətləndirirəm. Komandam 90 dəqiqə ərzində azlıqda oynadı, bütün oyunu. Biz, çox yaxşı oynayan rəqibə, qol vurmaq üçün az fürsət verdik. Uşaqlar, əvvəlcə azlıqda oynamaqla, sonra isə qol buraxmaqla qarşılarında çəkilmiş maneələri dəf edib aşa bildilər və onların oyunu davam etmək üçün cəsarəti çatdı. Mən oyunçularımın işindən çox razıyam, bu, vacib addım idi”, – “Marca” nəşri argentinalı mütəxəssisdən sitat gətirir.

Cari mövsümdə keçirdiyi 24 oyundan sonra 50 xala malik “Atletiko” İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Selta” isə 29 xalla 12-ci pillədədir.

La Liqaya 51 xalla “Real” başçılıq edir.

Xəbəri istədiklərinizlə paylaşın