Madird “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone La Liqanın 7-ci turunun “Selta” ilə səfər oyununda çətin qələbəni (1:0) şərh edib.
Arena.az xatırladır ki, “döşəkçilər” 90-cı dəqiqədə argentinalı hücumçu Xulian Alvaresin vurduğu qol sayəsində Viqo səfərindən 3 xal qopara biliblər.
“Biz çox yaxşı fəaliyyət göstərən və yeni baş məşqçinin gəlişi ilə inkişaf etmiş komandaya qarşı oynadıq. Onlar fevraldan bəri evdə uduzmamışdılar. Yaxşı oynayırdılar, buraxdığımız hər hansı səhvdən isə istifadə edirdilər. Birinci hissədə yaxşı müdafiə olunsaq da, yaxşı hücum edə bilmədik. İkinci hissədə yarımmüdafiədə daha çox yaradıcılıq nümayiş etdirərək oyunumuzu yaxşılaşdırdıq. Fasilədə futbolçularıma dedim ki, səhv edən, uduzacaq. Uğur bizimlə idi. Qrizmann və Xulian komandanın onlara ehtiyac duyduğu vacib məqamda özlərini göstərdilər”, – Dieqo Simeone matçdan sonrakı mətbuat konfransında bildirib.
7 turdan 15 xal toplamış “Atletiko” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Selta” isə 9 xalla yarış cədvəlinin “ekvatorunda” – 10-cu pillədə yer alıb. La Liqaya 21 xalla “Barselona” başçılıq edir.