Dieqo Simeone üçün ÇL-də 100-cü oyun

İspaniyanın “Atletiko” (Madrid) komandasının baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasında 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, yubiley matçı 1/8 final mərhələsinin ötən gecə İtaliyada baş tutan “İnter”lə ilk görüşünə təsadüf edib.

Argentinalının çalışdırdığı komanda onun yubiley matçında Milanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Simeone bu göstəriciyə çatan 9-cu məşqçidir. Əvvəllər bunu Karlo Ançelotti (198 oyun), Aleks Ferqyuson (190), Arsen Venger (178), Pep Qvardiola (166), Joze Mourinyo (145), Mirça Luçesku (115), Massimiliano Alleqri və Yurgen Klopp (hər ikisi 100) bunu bacarıblar.

Xatırladaq ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Onun İspaniya klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Dieqo “Atletiko” ilə 8 titul qazanıb: 2 La Liqa (2013/2014, 2020/2021), 1 İspaniya Kral Kuboku (2012/2013), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 Avropa Super Kuboku (2012, 2018) və 1 İspaniya Super Kuboku (2014). Bu qənimətlərlə yanaşı, argentinalı mütəxəssis Madrid klubunu 2014 və 2016-cı illərdə Çempionlar Liqasının finalına çıxara bilib, həmçinin UEFA klub reytinqində 2-ci yerə yüksəldib.

Çalışdırdığı müddətdə Simeone “döşəkçiləri” 664 oyuna çıxarıb, 393 qələbə qazanıb, 124 məğlubiyyət alıb, 147 oyundan isə sülhlə ayrılıb, top fərqi 1129:552 nisbətindədir.

Simeonenin “Atletiko”su cari mövsümdə çıxış etdiyi bütün turnirlərdə iddialılar sırasındadır. La Liqanın 25 turundan sonra Madrid təmsilçisi 51 xalla 4-cü pillədədir. “Döşəkçilər” Çempionlar Liqasında 1/4 finala vəsiqə şansını saxlayır. Həmçinin “Atletiko” İspaniya Kral Kubokunun yarımfinalında “Atletik”lə mübarizə aparır.