Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in argentinalı yeni hücumçusu Xulian Alvares haqda danışıb.
Arena.az argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən nikbinəm və çox həvəsliyəm. Onun futbol xüsusiyyətləri idman DNT-sinə uyğun gəlir. Komandanın nəticələrindən gözləntilər onun məsuliyyəti deyil. O, komandada vacib məqama layiqdir. Alvaresin keyfiyyətləri bizə çox kömək edəcək. Xulian tədricən komandaya qoşulur və komanda yoldaşları ilə tanış olur. O, hələ bizim oyun sistemimizə öyrəşməlidir. Ümidvarıq ki, bizimlə o, bütün keyfiyyətlərini inkişaf etdirə biləcək”, deyə Dieqo Simeone bildirib.
Xatırladaq ki, Xulian Alvares “River Pleyt”in yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvares “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Alvares “şəhərlilər”in heyətində bütün yarışlarda 54 oyuna çıxıb, 19 qol vurub, 13 məhsuldar ötürmə verib. Alvaresiin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 103 oyun, 36 qol, 18 məhsuldar ötürmə.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 36 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci il dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.