Dik Advokat yenidən karyerasını bərpa etdi – millini çalışdıracaq

Niderlandlı məşqçi Dik Advokat özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis futbol üzrə İraq yığmasına baş məşqçi təyin olunub.

Bu barədə İraq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 73 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Dik Advokat son olaraq “Feyenoord”u çalışdırıb. Niderlandlı mütəxəssis bu ilin may ayında sözügedən klubdan ayrılarkən məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı. Lakin o, ikinci dəfə karyerasını bitirdiyini elan etdikdən sonra yenə fəaliyyətini davam etdirib. Dik Advokat hələ Türkiyənin “Fənərbaxça” klubunu çalışdırarkən, 2017-ci ildə karyerasını bitirəcəyini söyləmişdi. Lakin ondan sonra təcrübəli məşqçi Niderland yığmasında, həmçinin “Sparta” və “Utrext”də çalışmışdı. 2019-cu ilin oktyabrından isə o, “Feyenoord”u çalışdırırdı.

Məşqçiliyə 1980-ci ildə başlayan mütəxəssis 40 illik zəngin karyerasında bir sıra komandalarda çalışıb. O, PSV ilə Niderland, “Reyncers”lə Şotlandiya, “Zenit”lə Rusiya çempionu olub. Advokat Niderland millisiylə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Bellçika, Rusiya, Serbiya yığmalarını da çalışdırıb.