Dimitrios Çantakias “Zirə”yə lazım olmadı

Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün gümüş mükafatçısı “Zirə” futbolçusu Dimitrios Çantakias ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yunanıstandan olan müdafiəçi ilə paytaxt təmsilçisi arasında imzalanmış müqavilənin müddəti başa çatıb. “Zirə” futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Dimitrios Çantakias 2020-ci ildən “Zirə”də oynayırdı. 29 yaşlı futbolçu bu komandanın heyətində 127 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Mərkəz müdafiəçisi daha öncə “Çerno More”, “Kerkira”, “Fokikos” və “Panetolikos”da da oynayıb.

“Zirə” daha öncə Vladislav Kulaç, İlkin Muradov və Sezar Meza Kolli ilə də yollarını ayırmışdı. Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”) və Elçin Əlicanovu (“Kəpəz”) heyətinə qatmış paytaxt klubu Qismət Alıyev və Anar Nəzirovla da yeni müqavilə imzalayıb.