Futbol üzrə Yunanıstan milli komandasının hücumameyilli yarımmüdafiəçisi Dimitrios Pelkas Türkiyədə klubunu dəyişib.
Arena.az xəbər verir ki, “Fənərbaxça”dan azad agent kimi ayrılan 29 yaşlı vinger Super Liqanın digər təmsilçisi “Başakşəhər”ə keçib.
Bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Yunan futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb. O, yeni komandasında 14 nömrəli formanı geyinəcək.
Dimitrios Pelkas 2020-ci ilin oktyabrından “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində 67 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. İstanbul təmsilçisi 2022-ci ilin sentyabrında onu İngiltərənin “Hall Siti” klubuna icarəyə vermişdi. Yarımmüdafiəçi geridə qalan mövsümdə Çempionşip təmsilçisində 26 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Yunanıstan yığmasında 31 oyuna 2 qol vurmuş Pelkas PAOK, “Apollon” (Kalamarayas) və “Vitoriya” (Setubal) klublarının da formasını geyinib.