“Dinamo”nun baş məşqçisi üçün hökm oxundu – 4 il, 8 ay həbs çəkəcək

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Zoran Mamiç 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Arena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis korrupsiyaya görə həbsə məruz qalıb.

Klubun idman direktoru vəzifəsində də çalışan Zoran Mamiçin qardaşı Zdvarko Mamiçə isə 6.5 il həbs cəzası verilib. Zoran Mamiç törətdiyi əməli boynuna almayıb və klubdakı hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Zoran Mamiç və Zdvarko Mamiç korrupsiya və mütəşəkkil cinayətkarlıq ittihamları ilə bağlı istintaqa cəlb edilmişdi. Hər iki şəxs 2008-ci ildən indiyədək klubun büdcəsindən 17.3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1.8 milyon dollar məbləğində vergi ödəməməkdə də günahlandırılıb.

Zaqreb “Dinamo”su Avropa Liqasının 1/8 finalı çərçivəsində martın 18-də İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyunda Xorvatiya təmsilçisi 0:2 hesabıyla məğlub olub. Bu oyun ərəfəsində baş məşqçi postundan istefa verən Zoran Mamiçi Damir Krznar əvəzləyib.