Diniyev milli üzvünü şəxsən dilə tutacaq

“Səbail”in baş məşqçisi Şahin Diniyev komanadan ayrılmağı planlaşdıran futbolçulardan birinin fikrini dəyişdirməyə çalışır.

Arena.az-ın məlumatına görə, bu, Emil Balayevdir.

Qapıçının “Zirə”yə keçmək istədiyini öyrənən Diniyev rəhbərliyə onunla bu barədə söhbət edəcəyini deyib.

Komanda hazırda istirahətdə olsa da, Şahin bəy yaxın günlərdə millinin qapıçısı ilə görüşəcək. Baş məşqçi onun getməsinə mane olmaq üçün bacardığını edəcək.

Xatırladaq ki, Emil Balayev 2022-ci ilin iyul ayında Qazaxıstanın “Turan” klubundan ayrılaraq “Səbail”lə 1 illik müqavilə bağlamışdı. İndi onun “dənizçilər”lə sözləşməsi başa çatır və 29 yaşlı qapıçı azad agent kimi xidmətində maraqlı olan istənilən kluba keçə bilər.

Balayev 2017-2018-ci illərdə də “Səbail”də oynayıb. O, paytaxt təmsilçisində bütövlükdə 76 oyuna çıxıb, 111 qol buraxıb. Təcrübəli qolkiperin 19 “quru” oyunu da var.

Emil daha öncə Azərbaycanda “Qarabağ” (19 oyun, 12 buraxılmış qol, 10 “quru” oyun), “Neftçi” (11 oyun, 12 buraxılmış qol, 4 “quru” oyun), “Zirə” (1 oyun, 1 qol) və “Sumqayıt” klublarında da forma geyinib. O, Qazaxıstanın “Tobol” (36 oyun, 26 buraxılmış qol, 21 məhsuldar ötürmə) və “Turan” (1 oyun, 2 buraxılmış qol) klublarında legioner həyatı da yaşayıb. Qapıçı Azərbaycan milli komandasında da 14 oyun keçirib.