Ditmar Hamann: “Bayern” ÇL oyununa məşqçi tapsa, yaxşı olar”

“Bayern” və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Ditmar Hamann Münhen klubu haqda fikrini özünəməxsus bildirməklə gündəmə gəlib.

Arena.az məlumat verir ki, Hamann “Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxelin cari mövsüm bitincəyə qədər istefa verməsinin arzuedilən olması ilə bağlı mövqeyini ifadə edib:

“Məncə, indi rəhbərlik çalışdırıcının dəyişdirilməsinin “Arsenal”ı məğlub etmək üçün ən yaxşı seçim olub-olmadığına qərar verməlidir. Rəhbərlik özünə sual verməlidir ki, komanda, sükanı arxasında Tomas Tuxellə mövsümün son cizgisinə çatacaqmı. Son bir neçə həftə ərzində yeni məşqçi tapmaq barədə ciddi düşünməliyik. Bazarda onların çoxu var. Mən Mourinyo haqqında düşünürəm. Onun haqqında nə istədiyinizi düşünə bilərsiniz, amma “Çelsi” oyunçuları onu sevirdilər. O, peşəkar nöqteyi-nəzərdən görkəmli insandır”, deyə Ditmar Hamann vurğulayıb.

Tomas Tuxel “Bayern”i 2023-cü ilin martından çalışdırır. Alman mütəxəssisin Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərə qüvvədə olsa da, Tuxel cari mövsümün bitməsi ilə “Bayern”in sükanı arxasından gedəcəyini açıqlayıb. Buna baxmayaraq, o, münhenliləri Çempionlar Liqasında qələbəyə daşımağa iddialıdır.

“Arsenal” və “Bayern” arasında Çempionlar Liqasının ilk 1/4 final oyunu aprelin 9-da Londonda baş tutacaq. Bu komandalar arasındakı cavab oyunu isə aprelin 17-də Münhendə keçiriləcək.
Cari mövsümə Almaniya Super Kubokunda final oyunu ilə açılış Tuxelin “Bayern”inin “Leypsiq”ə 0:3 hesabılı gözlənilməz məğlubiyyəti ilə nəticələnməşdi.

Almaniya Kubokunda isə “Bayern” 1/16 finalda “Saarbrükken”ə 1:2 hesabı ilə məğlub olaraq mübarizəsinə xitam verib.

Bundesliqaya gəlincə, Tuxel çempionluğu çox güman ki, Leverkuzen “Bayer”inə uduzub.

Göründüyü kimi, Almaniya nəhəngi mövsümü qənimətsiz bitirmək təhlükəsi ilə üz-üzədir.