Divok Oriqi “Milan”a lazım olmadı

İtaliyanın “Milan” klubu Belçika yığma komandasının da üzvü olan mərkəz hücumçusu Divok Oriqi ilə yolları ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

A Seriyası təmsilçisi 30 yaşlı hücumçu ilə müqaviləni vaxtından əvvəl ləğv edib. Klub oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Divok Oriqi Fransanın “Lill” klubunun yetirməsidir. “Liverpul”, “Volfsburq” kimi klublarda da çıxış etmiş hücumçu “Milan”a 2022-ci ilin yayında azad agent kimi qoşulmuşdu. Onun İtaliya nəhəngi ilə 2026-cı ilin yayına kimi müqaviləsi vardı. Amma futbolçu uzun müddət idi əsas komandada heyətə düşə bilmirdi. Bu üzdən də klub rəhbərliyi Oriqi ilə sözləşməyə vaxtından əvvəl xitam verməyi üstün tutub.

Oriqi 2023/2024 mövsümünü icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda keçirib. Bundan sonra isə “Milan”ın əsas heyətindən kənarda qalıb və fərdi şəkildə məşq edib.

Belçikalı futbolçunun “Milan” karyerası bütövlükdə 36 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Oriqi Belçika yığmasında 2014-cü ildə debüt edib. O vaxtdan bəri millidə 32 matça çıxan futbolçu, ölkəsinin əsas komandasında cəmi 3 qol vura bilib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Oriqini 500 min avro məbləğində qiymətləndirir.